Bu gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
İmtahanda 52267 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Bu gün Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilir. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).