Plenar iclasdan əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Ovni Muradov və DİM Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Muxtar Respublikada təhsilin vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verərək plenar iclası açıb.
İclasda Məleykə Abbaszadə “Cari il məzunlarının buraxılış imtahanlarındakı nəticələri haqqında statistik məlumat” mövzusunda və ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı təqdimatla çıxış edib. Sədr, həmçinin DİM-in yeni layihələri haqqında məlumat verib. M.Abbaszadə təqdimatla bağlı sualları cavablandırıb.
Seminarların əvvəlində DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək modellər haqqında təqdimatla çıxış edib.
Sonra Azərbaycan dili fənni üzrə seminarda Bakı Dövlət Universitetinin professoru, seminar rəhbəri Tofiq Hacıyev, Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, riyaziyyat fənni üzrə seminarda Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev, Gənc İstedadlar liseyinin müəllimi Aqşin Abdullayev, ingilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, seminar rəhbəri Şəhla Musayeva, fransız dili fənni üzrə seminarda Azərbaycan Dillər Universitetinin professoru, seminar rəhbəri Çəmən Babaxanova, rus dili fənni üzrə seminarda isə Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Afət Mürsəliyeva proqrama uyğun olaraq buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Plenar iclas və seminarlarda təhsil nazirinin müavini Ovni Muradov, Nazirliyin aparat rəhbəri Rəşad Əlizadə, Nazirliyin digər əməkdaşları, DİM-in Naxçıvan Regional bölməsinin müdiri Sabir Məmmədov, regional bölmənin əməkdaşları, Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları, metodistlər və müvafiq fənn müəllimləri iştirak ediblər.
Pleanar iclas və seminarlardan sonra M.Abbaszadə DİM-in Naxçıvan Regional Bölməsində bölmə əməkdaşları ilə iclas keçirib.