2 dekabr 2022-ci il tarixində DİM-in Strateji inkişaf şöbəsinin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün Kembric ingilis dili kvalifikasiyaları və ICDL (International Computer Driving Licence) imtahanı haqqında məlumat sessiyası keçiriblər.
Görüşdə ilk olaraq DİM-in fəaliyyəti, beynəlxalq tərəfdaşları və əməkdaşlıq etdiyi qurumlar, mərkəz tərəfindən keçirilən beynəlxalq imtahanlar haqqında məlumat verilib.
Sessiyanın əsas hissəsi Kembric ingilis dili kvalifikasiyalarına və ICDL imtahanları barədə təqdimata həsr olunub. Belə ki, Kembric imtahanlarının beynəlxalq səviyyədə tanınması, müxtəlif səviyyə imtahanlarını (A1, A2, B1, B2) vermək imkanı, sertifikatının müddətsiz olması və əlçatan hazırlıq imkanları kimi üstünlükləri vurğulanıb. Daha sonra ICDL imtahanının rəqəmsal bacarıqların yoxlanılmasında əhəmiyyəti və imtahana hazırlıq prosesi barədə məlumat verilib. Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric ingilis dili kvalifikasiyaları (Cambridge English Qualifications), Kembric ingilis dilinin tədrisi (Cambridge English Teaching) və “LinguaSkill”, həmçinin müraciət əsasında Kembric ingilis dili səviyyə testi (Cambridge English Placement Test) imtahanlarını keçirir.
Qeyd edək ki, DİM-ə ICDL beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin noyabr ayında verilib və DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir. ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib sertifikat ala bilirlər.
DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı bu link https://dim.gov.az/activities/exams/cambridge-in-ngilis-dili-zr-kvalifikasiyalar/ vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.
Beynəlxalq imtahanlara qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/iexams/az/login.aspx keçidinə daxil ola bilərsiniz.