Dövlət İmtahan Mərkəzi 27 avqust 2021-ci il tarixində saat 17:30-da “Zoom” platforması üzərindən Azərbaycan Dillər Universiteti ilə birgə TKT imtahanına dair məlumat sessiyası keçirib.
Qeyd edək ki, TKT İngilis dili müəllimləri üçün Cambridge Assessment English (CAE) qurumunun təklif etdiyi beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilərlər.
Vebinarın spikerləri DİM-in nümayəndəsi Günay Hacılı və ADU-nun müəllimi, eləcə də “British Council”ın təlimçisi Zarema İbrahimova TKT imtahanlarının üstünlükləri, imtahan formatı və modulları, eləcə də ADU-da təşkil edilən TKT imtahanlarına hazırlıq kursu, imtahana hazırlıq resursları barədə iştirakçıları məlumatlandırıblar.
Xatırladaq ki, DİM tərəfindən növbəti TKT imtahanı oktyabr ayının 9-u keçiriləcək. İmtahana son qeydiyyat tarixi 4 sentyabrdır.
TKT imtahanı da daxil olmaqla DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.