2019-cu il noyabr ayının 21-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin tərkibində yeni fəaliyyətə başlayan Dövlət İdarəçiliyi və İqtisadiyyat Ali Məktəbinin Məsləhət Şurasının ikinci iclası keçirilmişdir. Ali Məktəbin yaradılmasında əsas məqsəd beynəlxalq təhsil müəssisələri, dövlət, özəl və qeyri-hökumət sektorları ilə əməkdaşlığın həyata keçirilməsidir. Məsləhət Şurasının iclasının keçirilməsində əsas məqsəd Ali Məktəbin gələcək inkişaf perspektivlərini müzakirə etmək olmuşdur.
Şurada aparılan müzakirələr zamanı universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının digər əcnəbi tələbələrə nisbətən çoxluq təşkil etdiyi qeyd olunmuş, onların təhsillərini başa vurduqdan sonra Azərbaycan Respublikasının dövlət orqanlarında təcrübə proqramı keçməsi təklif olunmuş və tərəfimizdən dəstək göstəriləcəyi bildirilmişdir. Habelə, Bəhram Xəlilov tədbir çərçivəsində Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru ilə görüşmüş, universitetin inkişafı və gələcək əməkdaşlıq mövzularını müzakirə etmişdir.
Növbəti gün, noyabr ayının 22-də isə Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti və Türküstan Şəhər İcra Hakimiyyəti ilə birgə Qazaxıstan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Agentliyi tərəfindən “Birinci Beynəlxalq Türküstan Korrupsiyaya Qarşı Mübarizə Forum”u təşkil olunmuşdur. Forumun keçirilməsində əsas məqsəd regiondakı ölkələrin korrupsiyaya qarşı mübarizə ilə bağlı təcrübəsini paylaşmaq, həmçinin bu mövzu haqqında müzakirələr aparmaqdan ibarət olmuşdur.
Tədbirdə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Agentliyi, Türküstan Şəhər İcra Hakimiyyəti, Dövlət Qulluğu üzrə Astana Regional Xabı, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti, həmçinin digər yerli və beynəlxalq dövlət və özəl qurumlardan yüksək vəzifəli şəxslər qeyd olunan mövzu ilə əlaqədar müxtəlif təqdimatlar ilə çıxış etmişlər. Forumda 600-dən çox nümayəndə iştirak etmişdir.
Bəhram Xəlilov tədbirdə “Dövlət qulluğunda korrupsiyanın qarşısının alınması: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış etmiş, belə önəmli tədbiri təşkil etdiyi üçün Xab və universitet nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Qeyd olunan təqdimat korrupsiyaya qarşı mübarizə zamanı istifadə olunan qanunvericilik aktları, Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyasının fəaliyyəti, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, həmçinin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"nin fəaliyyət istiqamətləri haqqında məlumatları əhatə etmişdir.
Habelə, DİM-in nümayəndəsi Dövlət Qulluğu üzrə Astana Regional Xabının Rəhbər Komitəsinin sədri ilə görüşdə dövlət qulluğu üzrə əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmiş, bu əməkdaşlığın dövlət qulluğu üçün əhəmiyyəti haqqında danışıqlar aparmışdır.