Səfərin əsas məqsədi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və Litva Respublikası hökümətinin Avropa İttifaqının Tvinninq aləti çərçivəsində birgə həyata keçirdiyi “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi”, Dövlət İmtahan Mərkəzi və Litva Respublikasının müvafiq dövlət qurumları arasında əlaqələrin yaradılması, habelə Litva və Azərbaycan arasında digər əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.
Səfər çərçivəsində sentybarın 20-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadə Litva Respublikasının dövlət katibi cənab Algirdas Stonkaitisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Sədr Azərbaycan-Litva arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrinin inkişafı barədə danışmış, “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsi çərçivəsində Litva ilə əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulamışdır.
Tərəflər dövlət idarəçiliyi və dövlət qulluğu, o cümlədən dövlət qulluqçularının yenidənhazırlığı və beynəlxalq standartlara cavab verən dövlət qulluğu institutunun möhkəmlənməsi sahəsində islahatlarla bağlı ölkələrində baş verən yeniliklər barədə fikir mübadiləsi aparmışlar.
Görüş zamanı, həmçinin qeyd olunan layihənin ümumi gedişatı, layihə çərçivəsində həll edilmiş məsələlər, həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr barədə məlumat verilmişdir. Tvinninq layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən tərəflər Layihə üzrə keçirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirmişdir.
Layihə rəhbərləri hesabat dövründə layihənin maneəsiz və uğurla icra olunduğunu vurğulayaraq həyata keçirilən işlərin layihənin ümumi məqsədlərinə öz töhfəsini verdiyini və gələcək inkişaf üçün zəmin yaratdığını qeyd etmişlər.
Sonda ikitərəfli əməkdaşlığın növbəti mərhələləri müzakirə edilmiş, Tvinninq müqaviləsinin müddəalarına uyğun olaraq növbəti tədbirlərə dair müzakirələr aparılmış və Layihənin səmərəli tətbiqinə dair təklif və tövsiyələr verilmişdir.