Görüşdə, həmçinin Aİ-nin Əməliyyatlar şöbəsinin müdiri Yeron Villems və Proqram rəhbəri Alessandro Buddai, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və DİM-in Strateji inkişaf şöbəsinin müdiri Fuad Mayılov da iştirak etmişdir.
Görüş zamanı DİM tərəfindən həyata keçirilən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” (ENPI/2016/378418) Tvinninq layihəsi çərçivəsində görülən işlər, keçirilən tədbirlər haqqında ətraflı fikir mübadiləsi aparılmış, bu layihənin Azərbaycanın dövlət qulluğu sisteminin daha da təkmilləşdirilməsində önəmli rol oynayacağı qeyd olunmuşdur.
Bununla yanaşı, Aİ-nin Texniki Dəstək və İnformasiya Mübadiləsi yardım aləti (TAIEX) çərçivəsində 2017-ci ilin sentyabr ayında keçirilmiş DİM tərəfindən həyata keçirilən imtahanlarda istifadə edilən esse tipli və digər yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi üçün tətbiq olunan “E-markinq” üzrə ekspert missiyasının nəticələri müzakirə olunmuş, bu tədbirin DİM-in gələcək fəaliyyətinə öz töhfəsini verəcəyi vurğulanmışdır. Həmçinin qeyd olunan ekspert missiyası nəticəsində Avropa İttifaqının ekspertləri tərəfindən hazırlanmış hesabatda DİM-in qeyd edilən sahə üzrə təcrübəsi və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Cənab Yankauskas da öz növbəsində Azərbaycanda son illər dövlət qulluğu və biliyin qiymətləndirilməsi sahəsində aparılan islahatları müsbət qiymətləndirmiş, bu sahədə DİM-in gördüyü işlərin faydasını xüsusilə vurğulamış və Avropa İttifaqının bu sahədə fəaliyyətə və həyata keçirilən islahatlara dəstək göstərməyə daim hazır olduğunu bildirmişdir.
Görüş zamanı DİM ilə Aİ arasında mövcud əməkdaşlıq münasibətləri də müzakirə edilmiş, DİM-in fəaliyyətinin təkmilləşdirilməsi sahəsində Aİ tərəfindən göstərilən dəstəyə görə minnətdarlıq bildirilmişdir.
Görüşün sonunda xanım Məleykə Abbaszadə DİM-in Aİ ilə əməkdaşlıqda maraqlı olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsi barədə qərara gəlmişdir.