DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Kürdəmir rayonunda vətəndaşları qəbul edib.
Görüşdə Kürdəmir və Ucar rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüşdə əsasən magistratura səviyyəsinə qəbul, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin qəbulu, vakant dövlət qulluğu vəzifələri, dövlət qulluğuna qəbul, rezidenturaya qəbul və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.