DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 23-də şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Şabran rayonunda vətəndaşları qəbul edib.
Qəbulda Şabran rayonunun sakinləri ilə yanaşı Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, magistratura və rezidentraya qəbul, ali təhsil müəssisələrinə abituriyentlərin qəbulu, qabiliyyət imtahanları və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.