DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 28-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Şirvan şəhərinin sakinləri ilə yanaşı Hacıqabul, Salyan, Saatlı, Sabirabad, Neftçala rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüşdə əsasən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul, bu il tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları, əvvəlki illərin məzunlarının kolleclərə qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.