7 yanvar tarixindən başlayan seminarlarda Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə yanaşı, Bakının Binəqədi, Səbail, Nərimanov, Nəsimi, Qaradağ rayonları, həmçinin Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Babək, Culfa, Ordubad, Sədərək, Şərur, Şahbuz, Kəngərli, Zaqatala, Qax, Oğuz, Qəbələ, Balakən, Hacıqabul, İmişli, Sabirabad, Quba, Xızı, Siyəzən, Şabran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı, Kürdəmir, Ucar, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Ağdam, Yevlax, Tərtər, Beyləqan, Füzuli, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Tovuz, Ağstafa, Qazax şəhər və rayonlarında yerləşən ümumtəhsil müəssisələrindən cəlb edilən müəllimlər iştirak edib.
DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən indiyə qədər aparılan seminarlara 53 rayon üzrə 2473 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 165 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilib.
Seminar‑məşğələlərdə nəzarətçilər imtahanların gedişi haqqında prosedur qaydaları ilə yanaşı ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə uyğun olaraq istifadə olunacaq cavab vərəqlərinin doldurulması, eləcə də xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulan dinləmə qurğusundan istifadə edilməsi qaydalarını öyrənirlər. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir.
Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.