Avropa İttifaqının Tvinninq aləti çərçivəsində maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində Litva Respublikasının Dövlət qulluğu Departamenti, Litva Respublikasının Hökumət Katibliyi və Avropa Sosial Fondunun Agentliyi tərəfindən təşkil olunmuş təlim səfəri öz işinə başlamışdır.
Təlimin ilk günü Litvada dövlət qulluğu və dövlət quluğuna qəbul sistetmi, bu istiqamətdə aparılan islahatlar haqqında məlumat verilmişdir. Səfərin ikinci günü dövlət qulluqçularının işə qəbulunda səriştə yönümlü qiymətləndirmə modelinin tətbiqi və səriştələrin yoxlanılması üzrə situasiya yönümlü qiymətləndirmə alətlərinin tərtibi prosesini əhatə edən praktiki məşğələlər keçirilmişdir. Səfərin üçüncü günü dövlət qulluğuna qəbulda müxtəlif səriştələrin yoxlanılması üzrə situasiya yönümlü müxtəlif qiymətləndirmə alətlərinin tətbiqi, həmçinin xarici dil bacarıqlarının yoxlanılması (əsasən ingilis dili) üzrə təcrübə mübadiləsi aparılmışdır. Səfərin dördüncü günü kompüter əsaslı adaptiv qiymətləndirmə və mövcud çətinliklər, həmçinin Dövlət qulluqçularının reyestri və Dövlət qulluqçularının məlumat sisteminin dövlət qulluğuna qəbul mərhələsinin idarə olunmasında rolu haqqında təqdimatlar edilmişdir. Səfərin sonuncu günündə dövlət qulluğuna qəbulda müsahibə mərhələsi, insan resurslarının seçimində istifadə olunan digər alətlər haqqında təqdimatların keçirilməsi gözlənilir.
Qeyd etmək lazımdır ki, dövlət qulluğuna qəbulda səriştələrin yoxlanılması üzrə situasiya yönümlü qiymətləndirmə alətlərinin öyrənilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyasının 5.4. bəndində əks olunan Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqinə hazırlıq məqsədini daşıyır.