23-25 may 2024-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Mərkəzi və Şərqi Avropada Dövlət İdarəçilik Qurumu və Məktəbləri Şəbəkəsi və Qafqaz Universitetinin (Network of Institutes and Schools of Public Administration in Central and Eastern Europe (NISPAcee) and Caucasus University) 32-ci illik konfransı keçirilir.
Mayın 24-də konfrans çərçivəsində Dövlət Qulluğu üzrə Astana Regional Xab tərəfindən “Yeni reallıqda dövlət idarəçiliyi” (Public Administration in the New Reality) adlı panel sessiya təşkil olunub. Sessiyanın əsas məqsədi Xaba üzv olan ölkələrin dövlət idarəçiliyində rəqəmsal transformasiya ilə bağlı problemləri, bu sahədə aparılan islahatları, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi üçün dövlət qulluğunda səriştə modelinin tətbiqinə dair strategiyaları müzakirə etmək, ən yaxşı təcrübələr haqqında fikirləri bölüşmək, iştirakçılar arasında səmərəli əməkdaşlıq və bilik mübadiləsini təmin etməkdir.
Panel sessiyada Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov, Mərkəzi və Şərqi Avropada Dövlət İdarəçilik Qurumu və Məktəbləri Şəbəkəsinin Prezidenti Eka Akobia, Gürcüstan Dövlət Qulluğu Bürosunun rəhbər müavini Maya Dvalişvili, müvafiq qurumların ekspertləri və üzv dövlətlərin nümayəndələri iştirak ediblər.
DİM-in Direktorlar Şurasının sədr müavini Bəhrəm Xəlilov panel sessiyada çıxış edərək Azərbaycanda dövlət qulluğu sahəsində görülən işlər, o cümlədən dövlət orqanlarının fəaliyyətinin effektivliyinin artırılması istiqmətində atılan addımlar barədə iştirakçıları məlumatlandırıb. O, öz çıxışında “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın fəaliyyət planına uyğun olaraq görülən işlər və həyata keçirilən layihələrdən, eləcə də dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə səriştə modelinə keçid, dövlət qulluqçularının peşəkar inkişafı üzrə həyata keçirilmiş təlimlər haqqında danışıb. B.Xəlilov dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər və “Elektron Hökümət” portalı haqqında da məlumat verib.
Sədr müavini daha sonra dövlət qulluğunun davamlı inkişafı istiqamətində atılan addımlar zamanı işğaldan azad olunmuş ərazilərin dövlət orqanlarında çalışacaq bacarıqlı kadrlara yaranacaq tələbin də nəzərə alındığını vurğulayıb. B.Xəlilov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcəyini iştirakçıların diqqətinə çatdıraraq nitqini yekunlaşdırıb.
Sonda B.Xəlilov panel sessiyanın iştirakçılarının Azərbaycanın dövlət qulluğu sahəsindəki təcrübəsi və əldə olunan nailiyyətlər barədə suallarını cavablandırıb.