8 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Yüksəliş” müsabiqəsinin “İdarəetmə bacarıqları” mərhələsi keçirilib.
İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə təşkil olunub. İmtahanda 1229 namizəd iştirak edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib və müntəzəm olaraq imtahan zalları həm nəzarətçilər, həm də videomüşahidə vasitəsilə nəzarətdə saxlanılıb. Bütün zallarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Birinci növbə imtahanda iştirakı nəzərdə tutulan 665 nəfərdən 658 nəfər, ikinci növbə isə 588 nəfərdən 571 nəfər imtahana gəlib.
Qeyd edək ki, imtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Növbəti 5-7 iş günü ərzində “Yüksəliş” müsabiqəsi tərəfindən iştirakçıların T-bal şkalası üzrə nəticələri hesablanaraq onlara hesabat şəklində göndəriləcək.