Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Keçirilən görüşdə “Şərq Tərəfdaşlığı: 2020-ci il üçün 20 hədəf” çərçivəsində “Dövlət idarəçiliyində islahatlara dəstək” üzrə 11-ci hədəfin həyata keçirilməsi, Şərq Tərəfdaşlığının gələcəyi üzrə məsləhətləşmələr və bir sıra digər mövzularda çıxışlar olub. Tədbirdə, həmçinin “Qərarvermə prosesinin formaları”, “Fakta əsaslanan siyasətin aparılması, monitorinq və dəyərləndirmədə statistikanın rolu”, “Fakta əsaslanan siyasətin aparılması, monitorinq və dəyərləndirmədə datanın (verilənlərin) rolu” və “Siyasətin aparılmasında ictimai iştirakçılıq” mövzularında müzakirələr aparılıb.
Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin baş məsləhətçisi Elmir Şirinov “Fakta əsaslanan siyasətin aparılması, monitorinq və dəyərləndirmədə datanın rolu” üzrə panel müzakirədə “Azərbaycanda dövlət qulluğu üzrə məlumatların (datanın) idarə edilməsi sistemi” adlı təqdmiatla çıxış edib. Təqdimatda əvvəlcə DİM-in yaranması və fəaliyyəti, dövlət qulluğuna qəbul prosesi, dövlət qulluğuna qəbulda şəffaflıq və ictimai iştirakçılıq, həmçinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”-nın inkişaf istiqamətləri haqqında məlumat verilib. Təqdimat dövlət qulluğu siyasətinin effektiv həyata keçirilməsi üçün məlumat bazaların inteqrasiyası və istifadəsi barədə məlumatlarla davam edib. Daha sonra isə dövlət qulluğuna qəbul üzrə keçirilmiş sertifikasiya imtahanları və müsahibələr barədə ümumiləşdirilmiş, gender və yaş intervalları üzrə statistik məlumatlar (diaqramlar və cədvəllər şəklində) təqdim olunub və Azərbaycanda dövlət qulluğunda gender bərabərliyi və gəncləşmə ilə bağlı məsələlər dəqiq statistik məlumatlarla tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Təqdimat dövlət qulluğu siyasətinin həyata keçirilməsində təkmilləşdirmənin aparılması üçün təkliflərin hazırlanmasında statistk məlumatların (datanın) məqsədyönlü istifadəsi barədə izahlarla yekunlaşdırılıb və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.