Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva Almaniyanın Münhen şəhərində keçirilən Avropada Dil Qiymətləndirilməsi üzrə Assosiasiyanın (Association of Language Testers in Europe) 9-cu beynəlxalq konfransında iştirak edib. Dil qiymətləndirilməsi sahəsində aparıcı beynəlxalq platformalardan biri hesab olunan bu konfrans müxtəlif ölkələrdən ekspertləri, tədqiqatçıları və qiymətləndirmə qurumlarının nümayəndələrini bir araya gətirib.
Konfrans çərçivəsində təqdim olunan məruzələr və müzakirələr əsasən aşağıdakı istiqamətləri əhatə edib:
- dil biliyinin qiymətləndirilməsində innovativ yanaşmalar və yeni metodologiyalar;
- süni intellektin qiymətləndirmə proseslərinə inteqrasiyası;
- beynəlxalq standartlar və xüsusilə CEFR çərçivəsində uyğunlaşdırma və müqayisəlilik məsələləri;
- testlərin etibarlılığı və obyektivliyinin artırılması yolları;
- rəqəmsal qiymətləndirmə və e-imtahan sistemlərinin inkişafı;
- dil bacarıqlarının daha autentik və kommunikativ şəkildə ölçülməsi istiqamətində yeni tapşırıq modelləri.
Konfransda müşahidə olunan əsas trendlər arasında qiymətləndirmədə rəqəmsallaşmanın sürətlənməsi, süni intellekt alətlərinin tətbiqi, eləcə də testlərin real kommunikativ bacarıqları daha dəqiq ölçməyə yönəlməsi xüsusi yer tutub. Bununla yanaşı, beynəlxalq müqayisəlilik və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi də diqqət mərkəzində olub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019-cu ildə ALTE-nin üzvü olub və bu çərçivədə hazırda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Mərkəz tərəfindən dil imtahanlarının beynəlxalq standartlara uyğunlaşdırılması, qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin tətbiqi istiqamətində mühüm addımlar atılır.
Bununla yanaşı, DİM-in həyata keçirdiyi Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının keyfiyyət təminatı baxımından beynəlxalq səviyyədə tanınması məqsədilə ALTE tərəfindən təqdim olunan “Q” nişanının (ALTE Q-mark) əldə edilməsi istiqamətində işlərin başlanması planlaşdırılır. “Q” nişanı ALTE tərəfindən dil imtahanlarının keyfiyyət təminatı sahəsində müəyyən edilmiş 18 əsas standart üzrə qiymətləndirilməsi nəticəsində təqdim edilir. Bu standartlar imtahanın hazırlanması, keçirilməsi, qiymətləndirilməsi və nəticələrin idarə olunması proseslərini əhatə edir və şəffaflıq, etibarlılıq, obyektivlik və beynəlxalq müqayisəlilik kimi meyarları əsas götürür.
DİM gələcəkdə də beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək ölkədə dil qiymətləndirilməsi sisteminin inkişafına və onun beynəlxalq standartlara inteqrasiyasına töhfə verməyi qarşıya məqsəd qoyur.