30 aprel – 1 may 2025-ci il tarixlərində Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın yeddinci iclası keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov da Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda iştirak edib.
Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş enerjisi və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpa olunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb.
Sonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Komissiyanın 8-ci iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm təşəbbüsləri həyata keçirməkdədir. Xüsusilə, ingilis dili üzrə qiymətləndirmə alətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Bundan əlavə, DİM sözügedən qurumla əməkdaşlıq çərçivəsində Kembric İngilis dili üzrə Kvalifikasiyalar (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təşkil edir.
Bununla yanaşı, peşəkar mühasib sertifikatı imtahanlarının beynəlxalq səviyyədə tanınan ACCA (Association of Chartered Certified Accountants) imtahanları formatına uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu məqsədlə DİM-in ekspertləri üçün ACCA tərəfindən təlimlər təşkil olunub, imtahan materialları isə müvafiq beynəlxalq ekspertizadan keçirilib.