2022-ci il 24-29 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində Şərq Tərəfdaşlığı (ŞT) Regional İdarəçilik İslahatı Fondu və GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Regional Fondunun birgə təşkilatçılığı ilə ŞT ölkələrinin iştirakı ilə Dövlət İdarəçilik İslahatı üzrə II “Peşəkar dövlət qulluğu və peşə təhsili və təlimi (PTT)” layihəsinin növbəti təlimi baş tutub.
Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov regional layihənin “ŞT ölkələrinin dövlət qulluğunda regional rəhbər qrupu üçün idarəetmə və liderlik” üzrə 3-cü təlim kursunda iştirak ediblər.
Almaniyanın dövlət qulluğu və özəl xidmət sektorunda həmkarlar ittifaqlarının aparıcı təşkilatı olan "DBB Academy"nin direktoru Hans Coaşim Reger tərəfindən aparılan təlim kursu idarəçi şəxslərə xas olan və aşağıda göstərilən səriştələrə dair təqdimatları əhatə edib:
-
Kommunikasiya və liderlik;
-
Təşkilatçılıq;
-
İnsan resurslarının təkmilləşdirilməsi;
-
Özünü idarəetmə və qətiyyət;
-
Dəyişikliklərin idarə edilməsi və təşkilatın inkişafı;
-
Strategiyaların hazırlanması və inteqrativlik.
Regional layihənin məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada dövlət sektorunda müntəzəm qarşılıqlı təcrübə mübadiləsi yolu ilə müasir təlim yanaşmalarını inkişaf etdirmək və praktiki dəstək verməkdir.
2022-ci ilin yanvar ayından başlayan layihənin 2024-cü ilin oktyabr ayınadək davam etməsi planlaşdırılır. 2 illik regional layihə çərçivəsində müxtəlif təlimlər nəzərdə tutulub və layihə 6 təlim modulu ilə 3 beş günlük təlimi əhatə edir.
Azərbaycandan həmin layihədə bir sıra qurumlar iştirak edir:
-
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;
-
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;
-
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
Qeyd edək ki, layihə çərçivəsində ilk əyani təlim 10-15 may, ikinci təlim 6-10 iyun, onlayn dəyirmi masa isə 24 iyun tarixində təşkil edilib.