10 – 11 dekabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları üçün GIZ, SIGMA və Avropa CAF Resurs Mərkəzinin təşəbbüsü ilə Ümumi Qiymətləndirmə Çərçivəsi (CAF – Common Assessment Framework) layihəsi üzrə iki günlük təlim proqramı təşkil edilib. Təlim təcrübəli beynəlxalq təlimçilər Tihana Puzic və Nick Thijs tərəfindən DİM-in inzibati binasında keçirilib.
Təlimin əsas məqsədi layihə çərçivəsində yaradılmış özünüqiymətləndirmə qrupunun üzvlərinin CAF konsepsiyasının məzmunu, onun mərhələləri, rol bölgüsü və yanaşmaları ilə yaxından tanış olması, bu çərçivənin dövlət idarəçiliyində səmərəliliyin artırılmasına yönəlmiş alət kimi daha dərindən anlaşılması və praktiki nümunələr üzərində mənimsənilməsi idi. Proqram çərçivəsində iştirakçılar özünüqiymətləndirmə prosesinin təşkili, müxtəlif fəaliyyət istiqamətlərinin qiymətləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi və maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin qurulması kimi mövzularla bağlı bilik və bacarıqlarını artırıblar.
Təlim interaktiv formatda keçirilib və təqdimatlar, müzakirələr, qrup işi, sual-cavab və digər praktiki tapşırıqlarla iştirakçıların həm nəzəri bilikləri mənimsəməsinə, həm də təqdim olunan çərçivənin real iş situasiyalarında tətbiqinə dair bacarıqların əldə edilməsinə imkan yaradıb. Eyni zamanda, təlimin məzmunu beynəlxalq təcrübələr və yerli idarəetmə nümunələri ilə zənginləşdirilib.
İki günlük təlim ümumilikdə idarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində daha sistemli və məqsədyönlü strategiyaların hazırlanmasına və həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.