Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov və həmin departamentdə sektor müdiri Xətayi Məmmədovun “Müxtəlif təyinatlı sertifikatların təhlili və işlənməsi” adlı məqaləsi “2024 International Conference Automatics and Informatics (ICAI)” jurnalında (səhifə 373-376) çap olunub.
Məqalədə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda müvəffəqiyyət əldə etmiş vətəndaşlara verilən sertifikatların müxtəlif növlər üzrə təhlili aparılıb, müvafiq məlumat bazaları əsasında statistik hesabatlar təqdim edilib, həmçinin sertifikatların dövlət qulluğu, maliyyə, kənd təsərrüfatı kimi müxtəlif fəaliyət sahələrindəki əhəmiyyəti və rolu əks olunub. Məqalə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, 10 – 12 oktyabr 2024-cü il tarixlərində Bolqarıstanda keçirilmiş Avtomatika və İnformatika üzrə Beynəlxalq Konfransda DİM-in Dövlət qulluğu üzrə müsahibələrə buraxılma və sertifikatlarla iş sektorunun müdiri X.Məmmədov onlayn qaydada sözügedən məqaləni təqdim edib.
Məqalə ilə verilən keçiddən tanış olmaq mümkündür.