18 – 20 iyun 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində dövlət qulluğu və insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə “Rəqəmsallaşma və süni intellekt dövründə insanlar, perspektiv və ictimai dəyər” adlı forum (GovHR Forum - 2026) keçirilib.
Dünyanın müxtəlif ölkələrindən dövlət qulluğu üzrə səlahiyyətli qurumların rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin qatıldığı forumda dövlət idarəçiliyində müasir çağırışlar, rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin imkanları və insan yönümlü idarəetmə modelləri müzakirə olunub.
Tədbirdə DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilovla yanaşı, Mərkəzin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov və Funksional səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Xavər Dadaşova da iştirak edib.
Forum çərçivəsində keçirilən plenar sessiya zamanı çıxış edən B.Xəlilov Azərbaycanda son illərdə dövlət idarəetməsində həyata keçirilən genişmiqyaslı rəqəmsallaşma prosesləri, elektron xidmətlərin inkişafı, məlumat əsaslı qərarvermə mexanizmlərinin tətbiqi və süni intellekt texnologiyalarının dövlət sektorunda istifadəsi istiqamətində görülən işlər barədə məlumat verib. B.Xəlilov bildirib ki, rəqəmsal transformasiya dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və idarəetmədə şəffaflığın gücləndirilməsinə mühüm töhfə verir. Çıxış zamanı süni intellekt əsaslı texnologiyaların dövlət idarəetməsində yaratdığı yeni imkanlarla yanaşı, bu sahədə mövcud olan çağırışlara da toxunulub.
Eyni zamanda, B.Xəlilov vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt nə qədər sürətlə inkişaf etsə də, dövlət idarəçiliyinin mərkəzində insan faktoru dayanır. Texnologiyaların qərarların qəbul edilməsi və dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində mühüm alət rolunu oynadığı, bununla yanaşı, dövlət qulluğunda peşəkarlıq, məsuliyyət, etik davranış, liderlik və vətəndaşyönümlülük prinsiplərinin öz aktuallığını qoruyub saxladığı qeyd olunub. Bu səbəbdən həyata keçirilən bütün islahatların əsas məqsədi insan kapitalının inkişafı, dövlət qulluqçularının bacarıqlarının gücləndirilməsi və vətəndaşlara daha səmərəli xidmət göstərilməsi olmalıdır.
DİM-in Funksional səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Xavər Dadaşova tədbirin “İnsan – sistemin təməlidir” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib və dövlət qulluğunda səriştə əsaslı yanaşmaların inkişafı, vəzifə təhlilinin əhəmiyyəti, rəqəmsal transformasiyanın dövlət qulluqçularının fəaliyyətinə təsiri, eləcə də müasir qiymətləndirmə alətlərinin tətbiqi ilə bağlı çıxış edib. Panel müzakirə zamanı dövlət qulluğunda tələb olunan səriştələrin dəyişən xarakteri, süni intellekt və texnoloji inkişafın iş funksiyalarına təsiri və gənc nəslin gözləntiləri ətrafında fikir mübadiləsi aparılıb.