20 avqust 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu il keçirilən “Yüksəliş” müsabiqəsinin bir qrup finalçısı ilə görüş keçirib.
Görüş “Yüksəliş” müsabiqəsinin iştirakçıları və Mərkəz arasında təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək məqsədi ilə təşkil olunub.
Görüşdə DİM-in müsabiqə zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsində rolu, dünya təcrübəsində mövcud tendensiyalar və eyni zamanda onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barədə müzakirələr aparılıb.
Görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzey ilə də tanış olublar.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.