Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti 23 – 25 iyun 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İctimai Xidmət üzrə Forumunda iştirak edib. Forum Özbəkistan Hökuməti və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) birgə təşkilatçılığı ilə keçirilib.
DİM-in İdarə Heyətinin sədri M.Abbaszadə forum çərçivəsində keçirilən “Gələcək üçün ictimai xidmətlərin təqdimatının transformasiyası: innovasiya, inklüzivlik və tərəfdaşlıq” adlı sessiyada çıxış edib və ölkəmizdə tətbiq olunan qiymətləndirmə modelləri, rəqəmsallaşma sahəsində əldə olunan nailiyyətlər və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində atılan mühüm addımlar barədə iştirakçılara məlumat verib.
Tədbirdə M.Abbaszadə Özbəkistan Respublikası Prezidentinin müşaviri Səidə Mirziyoyeva ilə də görüş keçirib və Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri, əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib.
DİM-in İdarə Heyətinin sədr müavini Bəhrəm Xəlilov isə “Rəqəmsal transformasiyanın ictimai xidmətə təsiri: Dövlət qulluqçularını necə motivasiya etmək olar?” mövzusunda keçirilən sessiyada “Dövlət qulluqçularının motivasiyası: rəqəmsal dövrdə çağırışlar” adlı təqdimatla çıxış edib. O, təqdimatında dövlət sektorunda motivasiya mexanizmlərində müşahidə olunan dəyişikliklərə toxunaraq, rəqəmsal texnologiyaların təsiri kontekstində yeni yanaşmaların tətbiqinin zəruriliyini önə çəkib və yüksək həvəsli, səmərəli işçi qüvvəsinin formalaşdırılması məqsədilə müvafiq strategiyaların hazırlanmasının vacibliyini vurğulayıb.
Tədbirin proqramı ilə verilən keçiddən tanış ola bilərsiniz.