30 – 31 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində “Mərkəzləşdirilmiş Milli İmtahanların 20 illiyi: Test vasitəsilə təhsilin transformasiyası” mövzusuna həsr olunmuş beynəlxalq elmi və praktik konfrans keçirilir.
Hibrid formatda keçirilən konfransın məqsədi təhsil nailiyyətlərinin qiymətləndirilməsində mövcud vasitələrin müzakirəsi və innovativ yanaşmaların təşviqidir.
Konfransın əsas mövzuları təhsilin keyfiyyətinin idarə edilməsi və təşkili, təhsil nəticələrinin qiymətləndirilməsinə müasir yanaşma, təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində müəllim və mütəxəssislərin hazırlanması problemləri, təhsildə süni intellekt: tendensiyalar və perspektivlərdir.
Konfransın ilk günündə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təbrik nitqi ilə konfrans iştirakçılarını salamlayıb. Həmçinin bu gün Bakı vaxtı ilə saat 14:45-də M.Abbaszadə “Azərbaycanda qiymətləndirmə sisteminin formalaşması: təcrübə, çətinliklər və imkanlar” adlı təqdimatla konfransda onlayn olaraq çıxış edəcək. Sədr çıxışında DİM tərəfindən keçirilən imtahanlardan, qurumun fəaliyyət tarixindən və müasir texnologiyaların imtahan prosesinə tətbiqindən bəhs edəcək. Çıxışı izləmək üçün https://www.youtube.com/live/TncNyuH-Zys?si=myJ-aB-kQbXPapa1 linkinə daxil ola bilərsiniz.
Qeyd edək ki, DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov “Azərbaycanda yüksək əhəmiyyətli imtahanlarda təhlükəsizliyin, ədalətliliyin və etibarlılığıın təmin edilməsi”, Qiymətləndirmə üzrə tədqiqatlar və elmi layihələşdirmə sektorunun müdiri Sərxan Quliyev isə “Azərbaycanda elektron qiymətləndirmə təcrübəsi – markerlərin fəaliyyətinin dəyərləndirilməsinə diqqət yetirməklə” adlı təqdimatla əyani şəkildə konfransda çıxış ediblər.
Eyni zamanda pedaqoji ölçmə sahəsində alim və tədqiqatçılar, mütəxəssislər, universitet professorları, müəllimlər, doktorantlar, magistrantlar tədbirdə iştirak edirlər.
Konfrans haqqında ətraflı məlumat əldə etmək üçün https://conference.testcenter.kz/home linkinə keçid edə bilərsiniz.
Konfransı canlı izləmək üçün isə https://www.youtube.com/live/TncNyuH-Zys?si=myJ-aB-kQbXPapa1 linkinə daxil ola bilərsiniz.