8 – 10 iyun 2026-cı il tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda e-Qiymətləndirmə Assosiasiyasının (e-Assessment Association – eAA) illik konfransı keçirilir. Konfransda Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Konfransın builki əsas mövzusu “Etimadın vacibliyi – dürüstlük və şəffaflıq prinsiplərinə əsaslanan innovasiya”dır.
8 iyun 2026-cı il tarixində DİM-in İdarə Heyətinin sədri M.Abbaszadə konfransda “Milli imtahanlar üzrə dəyirmi masa” çərçivəsində çıxış edərək DİM-in elektron qiymətləndirmə sahəsində topladığı təcrübə, imtahanların təhlükəsizliyinin təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, süni intellekt imkanlarından istifadə, habelə qiymətləndirmə proseslərinin şəffaflığının və etibarlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sədr bildirib ki, Dövlət İmtahan Mərkəzi hər il ölkənin təhsil və peşə inkişafı trayektoriyalarına birbaşa təsir göstərən çoxsaylı yüksək əhəmiyyətli imtahanlar təşkil edir. Hər il təxminən 700 min nəfər Mərkəzin həyata keçirdiyi 45 müxtəlif növ qiymətləndirmə və imtahan prosesində iştirak edir. Məhz buna görə də genişmiqyaslı rəqəmsal qiymətləndirmə formatlarına keçid zamanı etibarlılıq, infrastrukturun dayanıqlılığı, informasiya təhlükəsizliyi və insan resurslarının hazırlıq səviyyəsi əsas prioritet istiqamətlər kimi nəzərdən keçirilir. Hazırda infrastruktur imkanlarının qiymətləndirilməsi üzrə tədqiqatlar aparılır, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müxtəlif texnoloji həllər öyrənilir və təhlil edilir. Bu fəaliyyətlər gələcək transformasiya prosesinin elmi əsaslara söykənən və risklərin effektiv idarə olunmasına imkan verən model üzrə həyata keçirilməsinə xidmət edir. Təcrübəmiz göstərir ki, texnoloji həllərin tətbiqi nisbətən qısa müddətdə reallaşdırıla bilər. Lakin yeni qiymətləndirmə sisteminə ictimai etimadın formalaşdırılması daha mürəkkəb və uzunmüddətli prosesdir. Buna görə də rəqəmsal transformasiya mərhələli şəkildə həyata keçirilməli, hər bir dəyişiklik əvvəlcədən planlaşdırılmalı və peşəkar şəkildə idarə olunmalıdır. Bu baxımdan uğurlu rəqəmsal transformasiyanın əsas göstəricisi yalnız texnologiyanın tətbiqi deyil, həm də sistemin etibarlılığına, ədalətliliyinə və nəticələrinin obyektivliyinə dair ictimai inamın qorunub saxlanılmasıdır.
M.Abbaszadənin çıxışının tam mətni ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, e-Qiymətləndirmə Assosiasiyası rəqəmsal imtahan və qiymətləndirmə texnologiyalarının inkişafını təşviq edən, bu sahədə fəaliyyət göstərən qurumlar və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyən beynəlxalq təşkilatdır. Assosiasiyanın illik konfransı qiymətləndirmə sahəsində innovativ yanaşmaların, yeni texnologiyaların və qabaqcıl təcrübələrin müzakirəsi üçün mühüm platforma hesab olunur.
10 iyun 2026-cı il tarixində konfrans çərçivəsində DİM-in Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri E.Şirinov “Kütləvi imtahanlarda elektron qiymətləndirmənin dürüstlüyünün, etibarlılığının və şəffaflığının təmin edilməsi: Azərbaycanda on illik təcrübə” mövzusunda təqdimatla çıxış edəcək.
Londona səfər çərçivəsində iyunun 11-də sədr M.Abbaszadə və DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri K.Hacıyeva Kembric Universitet Nəşriyyatı və Qiymətləndirmə (https://www.cambridge.org) və ALTE Katibliyinin (https://www.alte.org) nümayəndələri ilə də görüş keçirəcək. Görüşlər zamanı liderlik, qabaqcıl psixometriya və süni intellekt istiaqmətləri üzrə peşəkar inkişaf təlimləri, süni intellekt əsaslı tapşırıq hazırlanması (o cümlədən dil imtahanları üzrə), milli və beynəlxalq imtahanların müqayisəli təhlili, ingilis dili imtahanlarının dəyərləndirilməsi və təhlili, Azərbaycan dili üzrə sertifikatlaşdırma imtahanının inkişafı, ALTE üzvlüyü və digər məsələlər müzakirə olunacaq.
Növbəti gün isə PeopleCert, LanguageCert və City & Guilds təşkilatlarının nümayəndələri ilə görüşlər keçiriləcək. Görüşlərdə dövlət qulluğu üzrə qiymətləndirmə mexanizmləri, səriştə əsaslı qiymətləndirmə yanaşmaları, qiymətləndirmədə süni intellekt və qabaqcıl psixometriya sahələrində potensial əməkdaşlıq imkanları, eləcə də gələcək tərəfdaşlıq perspektivləri müzakirə ediləcək.
E.Şirinov isə 11 – 12 iyun tarixlərində Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (The International Association for Educational Assessment - IAEA) strateji inkişaf istiqamətlərinin müzakirə olunduğu illik görüşündə iştirak edəcək. O, bu görüşdə DİM-in nümayəndəsi olaraq IAEA-nın Qəyyumlar Şurasının üzvü qismində iştirak edir (https://iaea.info/about-us/iaea-board-of-trustees/).