DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə 2020-ci ildən əməkdaşlıq edir və rəsmi test mərkəzi olaraq bir sıra Kembric imtahanları təşkil edir. Bu imtahanlarda namizədlərin xarici dil üzrə 4 bacarığı (dinləmə, yazı, oxu və danışıq) yoxlanılır. Qeyd edək ki, dinləmə, yazı və oxu üzrə namizədlərin bilik və bacarıqları imtahanın formatından asılıq olaraq kağız və ya kompüter əsaslı keçirilsə də, danışıq bloku imtahanı bütün Kembric imtahanlarında əyani formada həyata keçirilir.
Danışıq bloku üzrə ekspertlərin seçilməsi, təlimlərə cəlb olunması və sertifikatlaşdırılması prosesi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun təyin etdiyi qrup rəhbəri tərəfindən həyata keçirilir. Həmçinin Kembric imtahanlarının danışıq bloku üzrə ekspertləri üçün (Speaking Examiner) qrup rəhbəri tərəfindən hər il yenidən sertifikatlaşdırma təlimi keçirilir.
Təlimin proqramı Kembric qurumunun danışıq bloku üzrə müəyyənləşdirdiyi meyarlarla əlaqədar nəzəri biliklər, meyarlar üzrə praktiki tapşırıqlar, hər səviyyə üzrə meyarların analizi, qiymətləndirmə tapşırıqları və bu istiqamət üzrə qrup tapşırıqlarından ibərət olub.
Qeyd edək ki, hal-hazırda keçirilən təlim Young Learners (Azyaşlı öyrənənlər) imtahanı üçün keçirilir, növbəti A2 Key və Key for shools, B1 Preliminary və B1 Preliminary for schools, B2 First səviyyələri üzrə təlimlər yaxın zamanda keçiriləcək.
DİM tərəfindən keçirilən Kembric kvalifikasiyaları barədə linkə keçid edərək ətraflı məlumat ala bilərsiniz.