Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri Könül Həsənova, Aynur Bayramlı, Nəzrin Əhmədova 2019-cu il 24-26 aprel tarixlərində Belçikanın Gent şəhərində Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) “Təhsilə çoxdilli keçid” mövzusunda 53-cü illik konfransında iştirak etmişdirlər.
Konfransda test etibarlılığı və qiymətləndirmə, testlərin keyfiyyətinin təminatı üzrə müqayisəli perspektivlər, təhsildə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün şəraitin yaradılması, aşağı göstəricələrə malik olan namizədlərə xarici dilin öyrədilməsi və biliklərin qiymətləndirilməsi kimi mövzular geniş müzakirə olunmuşdur.
Konfransın iştirakçıları ABŞ, Hollandiya, İngiltərə, Norveç, Almaniya, Fransa və digər ölkələri təmsil etmişdirlər.
Həmçinin, DİM-in nümayəndələri ALTE-nin təşkil etdiyi “Raters and Rating” adlı bir günlük peşə inkişafı üzrə kursda iştirak ediblər.
Qeyd edək ki, 2019-cu ilin yanvarında Dövlət İmtahan Mərkəzi Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) institusional tərəfdaşı seçilib. DİM Azərbaycandan Assosiasiyaya seçilən ilk qurumdur. DİM üçün ALTE ilə əməkdaşlığın əsas məqsədi xarici dillərin qiymətləndirilməsi üzrə təcrübə mübadiləsinə qoşulmaq, qiymətləndirmə alətlərinin yaradılmasında qərəzsiz və dəqiqliyi qorumaqla imtahanların keyfiyyətini artırmaqdır.