Dövlət İmtahan Mərkəzinin Strateji İnkişaf şöbəsinin müdiri Vəli Hüseyn 16-17 oktyabr 2019-cu il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “British Council” təşkilatı tərəfindən “İngilis dilinin ali təhsildə rolu və məzunların iş təminatı imkanlarına təsiri” mövzusunda keçirilən regional konfransda iştirak edib.
Konfransın əsas məqsədi ali təhsildə ingilis dilinin rolu, tədrisdə keyfiyyət, məzunların təlim nəticələrinin əmək bazarına uyğunlaşdırılması mövzusunda müzakirələrin aparılması olub. Konfrans təhsil, siyasət və qiymətləndirmə sahələrinin nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dilinin qiymətləndirilməsinin təkmilləşdirilməsi istiqamətində ABŞ-ın Azərbaycandakı Səfirliyi, Cambridge Assessment and British Council ilə əməkdaşlıq çərçivəsində işlər müzakirə olunub, eyni zamanda Özbəkistan və digər qonşu dövlətlərin təcrübəsi öyrənilmişdir. Qeyd olunan səfərdə xarici dillərin qiymətləndirilməsi istiqamətində Özbəkistan Respublikasının Dövlət Test Mərkəzinin (https://dtm.uz/) beynəlxalq qiymətləndirmə mərkəzləri ilə əməkdaşlığı, həmçinin müvafiq olaraq ikitərəfli təcrübə mübadilə səfərlərinin təşkil olunması müzakirə olunmuşdur.