Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi (UK Home Office) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən PTE Academic (PTE-A), PTE-A UKVI və PTE Home imtahanlarının keçirilməsinə dair bütün qaydalara riayət edilməsini, həmçinin keyfiyyətin və təhlükəsizliyin təmin edilməsini audit edib. DİM auditdən keçərək, yekun rəy və imtahanların davam etdirilməsi üçün icazə alıb.
Qeyd edək ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənən qeyd edilmiş imtahanlar Təhlükəsiz İngilis Dili İmtahanları (Secure English Language Test, SELT) sayılaraq İngiltərədə işləmək və ya yaşamaq üçün müəyyən edilən tələblərdən biri sayılır.
SELT imtahanları haqqında qısa məlumat:
- PTE Academic (UKVI) – iş (o cümlədən müəyyən təhsil məqsədləri) vizaları üçün qəbul edilən 4 bacarığı (danışıq, dinləmə, oxu və yazı) müəyyən edən dil imtahanadır. B.Britaniya Daxili İşlər Nazirliyinin tələblərinə uyğun qeydiyyat prosesində kiçik fərqlər olduğuna baxmayaraq, test məzmunu və formatı baxımından PTE Academic ilə PTE UKVI eynidir.
- PTE Home – ailə, məskunlaşma və ya vətəndaşlıq müraciətləri üçün qəbul edilən 2 bacarığı (danışıq və dinləmə) ölçən dil imtahanıdır. PTE Home imtahanı namizədin ingilis dilini bilmə qabiliyyətinin Xarici dillər üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) A1, A2 və B1 səviyyələrindən birinə cavab verdiyini sübut edir.
Namizədlər il boyu keçirilən imtahanlardan yararlana və nəticələrini 48 saat ərzində öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün ən azı 24 saat əvvəl onlayn qeydiyyatdan keçmək mümkündür.
Xatırladaq ki, DİM Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi kimi 2017-ci ildən beynəlxalq sertifikat təqdim edən PTE Academic, həmçinin, müxtəlif sahələrə aid (İT, maliyyə, mühasibat, daxili audit, və s.) 100-dən çox imtahan keçirir.
Pearson VUE imtahanları da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.