Tədbir çərçivəsində Dövlət İmtahan Mərkəzinin saytının yenilənmiş versiyası ictimaiyyətə təqdim olunmuş, 2017-ci ildə keçirilən imtahanlarda xüsusilə fərqlənmiş imtahan rəhbərləri, nəzarətçi-müəllimlər, imtahanlarda istifadə olunan yazı işi tapşırıqlarının, qiymətləndirmə meyarlarının hazırlanmasına, yoxlanılmasına cəlb olunan fənn müəllimləri, dövlət qulluğuna aid işlərin həyata keçirilməsində fəal iştirak edən müstəqil ekspertlər müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirdə çıxış edən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna dair bəzi məsələlər məsələlər barədə ictimaiyyəti məlumatlandırmış, həmçinin imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs etmişdir. Sədr bildirmişdir ki, DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil olunur. Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi-müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.
Tədbirdə orta ümumtəhsil müəssisələrində təhsilalanların buraxılış imtahanı materiallarının hazırlanmasında, ekspertizasında, yazı işlərinin yoxlanılmasında, regionlarda fənn seminarlarının keçirilməsində fəal iştirak edən 7 ekspert-müəllim, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsahibələrdə iştirak edən 2 müstəqil ekspert də fəxri fərmanla təltif olunmuşdur.
Görüşdə həmçinin, dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin noyabrın 18-də keçirilən test imtahanı nəticələrinə əsasən, müvəffəqiyyət əldə etmiş namizədlərə sertifikatlar təqdim olunmuşdur. Xatırladaq ki, imtahanda iştirak edən namizədlərdən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 4 nəfər olmaqla, ümumilkdə 13 nəfər uğur qazanmışdır. Bu şəxslər dövlət qulluğunda tətbiq olunan yeni qanunvericiliyə əsasən, sertifikat almış ilk namizədlərdir.
Tədbirdə Mərkəzin veb-saytının yenilənmiş versiyası da nümayiş etdirilmişdir. Saytın dizaynı dəyişdirilməklə yanaşı, strukturuna yeni bölmələr əlavə edilmiş, istifadəçilərin rahatlığının təmin edilməsi üçün hər bir bölməyə aid “xəbərlər”, “faydalı”, “e-xidmətlər”, “sənədlər”, “təqvim”, “FAQ” altbölmələri hazırlanmışdır. Saytın informasiya təminatı ilə yanaşı, il ərzində 7 milyondan çox istifadəçiyə elektron xidmət göstərməsi nəzərə alınaraq, dövri olaraq aktiv olan “elektron xidmət” keçidlərinin ön səhifədə yerləşdirilməsi təmin edilmişdir. Saytda olan məlumatların filtrasiya sistemi vasitəsilə daha rahat əldə olunması imkanları yaradılmışdır.
İnanırıq ki, yeni dizaynda istifadəyə verilmiş sayt məlumatların və yeniliklərin ictimaiyyətə operativ, rahat çatdırılmasında mühüm rol oynayacaq.