Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2019-cu il 22-27 sentyabr tarixlərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) 45-ci illik konfransını təşkil edəcək.
DİM-in fəaliyyəti və beynəlxalq çağırışlara əsasən, IAEA-nın 45-ci illik konfransının “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həllər” mövzusunda keçiriləcək. Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcəkdir. Yerli ekspertlərə dəstək göstərmək məqsədi ilə DİM 2 sentyabr 2019-cu il tarixində ABŞ-ın Azərbaycandakı sərifliyi ilə əməkdaşlıq çərçivəsində Massaçusets Universitetinin Təhsil üzrə doktoru Stephen Sadlieri dəvət etmiş və Dr. Sadlierin yerli ekspertlərlə görüşünü təşkil etmişdir. Gün ərzində davam edən görüşdə müəyyən qruplar üzrə hər bir yerli ekspertin təqdimatına ayrıca baxış keçirilimişdir.
İşgüzar səfər çərçivəsində Dr. Sadlierin Gəncə və Şəki regionlarındakı DİM əməkdaşları ilə görüşü və həmin regionların müəllimləri ilə bir günlük təlimlər keçməsi də planlaşdırılır.
Qeyd edək ki, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.