Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2026-cı il tarixli 150 nömrəli Qərarına əsasən aşağıdakı sertifikat və şəhadətnamələr kağız daşıyıcıdan gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasına keçirilərək vətəndaşların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri vasitəsilə təqdim edilir:
- dövlət qulluğu sertifikatları;
- peşəkar mühasib sertifikatları;
- taksi, ölkədaxili sərnişin və yük daşıma fəaliyyəti üzrə şəhadətnamələr;
- qiymətləndirici şəhadətnamələri;
- aqrar sığorta fəaliyyəti sertifikatları.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gücləndirilmiş imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.
Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi yuxarıda qeyd edilən sənədlərin “mygov” platformasına inteqrasiya edilməsini təmin edib və Mərkəzin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə fəaliyyəti nəticəsində işlər tam yekunlaşıb.
Vətəndaşlar özlərinə aid qüvvədə olan bütün sertifikat və şəhadətnamələrlə “mygov” platforması üzərindən tanış olmaq, onları PDF formatında yükləmək, çap etmək, həmçinin PDF sənəddə yerləşdirilmiş "QR" kod vasitəsilə sənədin həqiqiliyini yoxlamaq imkanına malikdirlər.
Sözügedən elektron sənədlərin vahid rəqəmsal platformada “bir pəncərə” prinsipi əsasında yerləşdirilməsi “elektron hökumət” portalının təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm addımdır.
Dövlət İmtahan Mərkəzi digər dövlət xidmətlərinin də “mygov” platformasında yerləşdirilməsi ilə əlaqədar müvafiq işləri davam etdirir.