İmtahanlarda iştirak etmək üçün qeydiyyat 8 iyun tarixində DİM-in saytı vasitəsilə aparılıb və 2 saat ərzində icazə verilən 500 nəfərlik yer dolub.
Lakin imtahanda 207 nəfər iştirak edib. Çox təəssüf ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu imtahana təsadüfi yazılan və imtahanda iştirak etməyən şəxslərin sayı daha çox olub. Bir daha xahiş edirik ki, gələcəkdə keçiriləcək imtahanlara yalnız imtahanlarda iştirak etmək imkanı və məqsədi olan şəxslər yazılsın.
İstifadəçilər, ilk növbədə, “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar. Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri isə aşağıdakı linkdə verilib.
(https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).
Bu gün keçirilən imtahanda 30 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.
İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.
Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün “ProctorDİM” proqramını yükləyib kompüterdə quraşdırmaq lazımdır. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.
Proqramı istifadə edə bilmək üçün lazımi sistem tələblərini də kompüterinizə yükləməyi unutmayın.