Vəsait dörd hissədən ibarətdir. Birinci hissə dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların test imtahanlarında uğur əldə etmələri üçün faydalı tövsiyələrdən və bir çox mühüm materiallardan ibarətdir. Dövlət qulluğuna işə qəbul olunmaq istəyənlər bu hissədə test imtahanında yoxlanılacaq bilik sahələri, bilik sahələrinin proqramları, konkret nümunələr əsasında qapalı və açıq tipli test tapşırıqlarının cavablandırılması qaydaları, dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları, hər bir sahə üzrə test tapşırıqlarının tipi, sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar, Yaddaş kitabçaları və digər zəruri materiallardan yararlana bilərlər.
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur əldə etmənin yolunu müəyyənləşdirən tövsiyələr vəsaitin ikinci hissəsini təşkil edir. Vəsaitin ikinci hissəsində, həmçinin dövlət qulluğu vəzifələrinin tutulmasının ümumi şərtlərinə aid təlimatla da tanış olmaq mümkündür. Bu hissədə haqqında məlumat verilən “Dövlət qulluğunda karyera bələdçisi” adlı elektron xidmət DİM tərəfindən hazırda dövlət qulluğunda çalışanları və dövlət qulluğuna qəbul olunmaq istəyən şəxsləri istiqamətləndirmək və karyeranın planlaşdırılmasına kömək etmək məqsədilə yaradılmışdır.
Vəsaitin üçüncü hissəsinə namizədlərin test imtahanına öz hazırlıq səviyyəsini müəyyənləşdirməsi üçün imtahanda yoxlanılan bilik sahələrinə aid test tapşırığı nümunələri və onların düzgün cavabları, dördüncü hissəyə isə digər bəzi mühüm materiallar daxil edilmişdir.
Ümumiyyətlə, DİM-in dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə elmi-metodik köməklik məqsədilə hazırladığı bu vəsait müsabiqənin həm test imtahanı, həm də müsahibə mərhələsində uğur əldəetmənin istiqamətini müəyyənləşdirən zəruri materiallardan ibarətdir və bu vəsaitlə əsaslı tanışlıq hər bir namizədin dövlət qulluğuna işə qəbul olunmaq şansını artıra bilər.
Metodik vəsaiti DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
- Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
- Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.