Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 11 aprel 2019-ci il tarixli 28 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 31-də Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti, yuxarı kurslarda təhsil alan bakalavr və magistrləri iştirak etmişdir.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Tural Əlizadə, Mərkəzin Gəncə Regional Bölməsinin rəhbəri Nəsimi Məmmədov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov gənclərin dövlət qulluğuna maraq göstərməsi və onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağın əhəmiyyətindən danışıb.
DİM-in sektor müdiri Tural Əlizadə “Azərbaycanda dövlət qulluğuna qəbul sistemi: cari vəziyyət, çağırışlar və hədəflər” mövzusunda çıxış edərək dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında iştirakçılara məlumat vermişdir. T.Əlizadə həmçinin dim.gov.az saytı vasitəsilə Mərkəzin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətləri – test imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi, qəbul imtahanı proqramları, sertifikatların verilməsi, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibədələrdə iştirak və digər məsələləri əyani şəkildə nümayiş etdirmişdir. Gəncə Regional bölmənin müdiri Nəsimi Məmmədov tədbir iştirakçılarına dövlət qulluğunun prespektivləri, dövlət qulluğunda karyera imkanları barədə məlumat vermiş, Mərkəz tərəfindən dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanlarında və müsahibələrdə aktiv iştirka etməyi tövsiyə etmişdir.
Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.