Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.
Seminar iştirakçılarını maraqlandıran suallar DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən cavablandırılıb.
Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat, ingilis dili və fransız dili fənləri üzrə davam etdirilib.
BDU-nun nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov Azərbaycan dili fənni üzrə 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı barədə məlumat verib, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.
Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.
İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla Musayeva, fransız dili fənni üzrə seminarda ADU-nun professoru Çəmən Babaxanova (DİM-in fransız dili fənni üzrə elmi metodiki seminarının rəhbəri) buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulan tapşırıq modelləri haqqında çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.