17 sentyabr 2024-cü il tarixində ACCA-in (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) Avrasiya və Yaxın Şərq üzrə təhsil şöbəsinin müdiri Taher Kapasinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşdə DİM və ACCA arasında mövcud olan birgə fəaliyyət planının genişləndirilməsi müzakirə olunub. Görüşdən sonra ACCA nümayəndələri tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ekspertləri üçün təlim keçirilib. Təlim zamanı ACCA imtahan strukturu, imtahana hazırlıq prosesi, test tapşırıqlarının hazırlanma metodologiyası, həmçinin elektron imtahanların üstünlük və çatışmazlıqları haqqında məlumat verilib.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.
Xatırladaq ki, DİM ilə ACCA 1 sentyabr 2021-ci il tarixində Anlaşma memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıblar. Qurumlar arasındakı əməkdaşlıq peşəkar səriştə, bacarıq və texniki biliklər sahəsində öyrənmə və inkişaf imkanlarının araşdırılması, ACCA kvalifikasiyaları və sertifikatları haqqında məlumatlılığın artırılması və tanıdılması üçün qarşılıqlı fəaliyyət və tədbirlərin həyata keçirilməsi, mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq üçün tələbələrin təlim və inkişafını dəstəkləmək məqsədilə birgə proqramların təşkil edilməsi də daxil olmaqla geniş əhatə dairəsinə malikdir.