Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 12 iyun 2026-cı il tarixində xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə elektron formada aparılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün 100 namizəd qeydiyyatdan keçib. 6 namizəd imtahana gəlməyib. 14 namizəd 55 və daha yuxarı bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb. İmtahanda toplanıla biləcək maksimal bal 80-dir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16 – 18 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.