Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Dövlət İmtahan Mərkəzi 18 yanvar 2020-ci il tarixindən etibarən təlimlər mərhələsinə başlayıb.
Təlimlər Azərbaycan Universitetində iki gün müddətində 25 nəfərlik qruplarda keçirilir.
Təlimlərin birinci günü səmərəli ünsiyyət və işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması texnikaları, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır.
Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat avqust ayından etibarən başlanılıb və 881 nəfər qeydiyyatdan keçib.
Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.