Dövlət İmtahan Mərkəzi tərəfindən 24-26 mart 2019-cu il tarixlərində zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün yekun test imtahanı keçirilib.
İmtahan kompüter vasitəsilə DİM-in inzibati binasında təşkil olunub və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanda 180 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, 16 nəfər A, 161 nəfər isə B kateqoriyası olmaqla, ümumilikdə 177 namizəd tələb olunan şərtləri ödəyərək zal nəzarətçisi sertifikatı əldə edib.
Namizədlər öz nəticələri ilə bağlı məlumatla namizədin elektron anketinə daxil olaraq tanış ola bilərlər.
Qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmiş şəxslər mütəmadi olaraq DİM tərəfindən keçirilən imtahanlara cəlb olunacaqlar.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədi ilə namizədlərin elektron qeydiyyatı 31 yanvar 2019-cu ildə başa çatmışdır. Cari ilin avqust ayından etibarən isə qeydiyyat sistemi yenidən aktiv ediləcəkdir.