2022-ci il 17 dekabr tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku imtahanı keçirilir.
İmtahan ingilis, alman, fransız dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, Danışıq bloku üzrə imtahanda 370 nəfərin iştirakı gözlənilir.
İmtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.
dillər