İyulun 5-də "Bakı Ekspo Mərkəzi"ndə təşkil olunan tədbirdə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Qonaqlar yarımfinal mərhələsinə yüksələn iştirakçıları təbrik edərək, onlara uğurlar arzulayıblar. Onlar öz çıxışlarında müsabiqənin iştirakçılara dəyərli təcrübə qazandıracağını və gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə öz çıxışında ölkəmizdə artıq 4-cü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin insan kapitalının inkişaf etdirilməsi ilə bağlı əhəmiyyətini qeyd edib.
Müasir dövrün tələb olunan bacarıqları haqqında danışan sədr “Bu gün insan kapitalından danışanda belə bir ritorik sual yaranır: XXI əsrdə həm gənclər, həm cəmiyyətin bütün üzvləri hansı keyfiyyətə, bacarığa malik olmalıdırlar? Bu sualın qısa cavabı belədir: Şüurlu, müstəqil, yaradıcı öyrənmə bacarığı. Bu həm fərdi uğuru, həm ictimai rifahı, həm də bütün cəmiyyətin inkişafını təmin etmək üçün zəruri şərtidir” deyə bildirib.
M.Abbaszadənin müsabiqənin yarımfinal mərhələsindəki çıxışının tam mətni ilə buradan tanış olmaq mümkündür.
"Yüksəliş" müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti "Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır" şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.
Namizədlər açılış gününə özəl təşkil olunmuş "Yaşıl aksiya"da iştirak ediblər.
Xatırladaq ki, yarımfinalda əyani mərhələni uğurla başa vuran 328 namizəd iştirak edir. "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin ilk günündə iştirakçılar "Nə? Harada? Nə zaman?" intellektual oyununda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.