Avropa İttifaqı Şərq Tərəfdaşlığı (ŞT) proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı birinci platforması çərçivəsində İdarəçilik və dövlət idarəçiliyi islahatları panelinin birinci sahəsi üzrə (dövlət qulluğu, dövlət idarəçiliyi institutları və onların fəaliyyəti, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna qəbul qaydaları, qanunvericilik) Azərbaycan Respublikasında əlaqələndirici qurum olan Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət idarəçiliyində səriştə modeli: “Çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir.
Seminarın 5-6 dekabr tarixlərində həyata keçirilməsi nəzərdə tutulur.
Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qonaqları salamlayıb, ŞT proqramı çərçivəsində ortaq tarixi keçmişə malik olan dövlətlərin əməkdaşlığını davam etdirməsinə dəstək verən belə effektiv alətin yaradılmasına və bugünkü tədbirin təşkil edilməsinə görə Avropa İttifaqına öz təşəkkürünü bildirib. Sədr qeyd edib ki, bu tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.
Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbər Simona Gatti qeyd edib ki, ŞT proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı birinci platforması çərçivəsində həyata keçirilən tədbirlərin dövlət qulluğu sahəsində region ölkələrinin təcrübəsini öyrənməyə, eləcə də kompetensiya modelinin uğurlu tətbiqi üçün mümkün həll yollarının müzakirəsinə imkan yaradır. S.Gatti Avropa İttifaqının bu sahədə fəaliyyətə və həyata keçirilən islahatlara dəstək göstərməyə daim hazır olduğunu bildirib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Demokratiya və insan hüquqları idarəsinin rəis müavini Fərəh Acalova isə bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında sıx əlaqələr mövcuddur və Azərbaycan Şərq Tərəfdaşlığı proqramının aktiv iştirakçılarındandır. Bu il tərəfdaşlığımızın 10-cu ilini qeyd edirik və gələcək əməkdaşlıq imkanları üçün yeni hədəflər müəyyən olunmalıdır.
Qeyd edək ki, seminarın məqsədi geniş istifadə olunan səriştə modeli vasitəsilə dövlət idarəçiliyində dövlət qulluqçularının seçilməsi, vəzifə yüksəlişində səriştələrin ölçülməsi və xidməti fəaliyyətin hərtərəfli qiymətləndirilməsi və digər məsələləri müzakirə etməkdir. Səriştə modeli vəzifə üçün tələb olunan və uğurlu iş fəaliyyətini təşkil edən bilik və bacarıqları, eyni zamanda kompetensiyalar toplusunu müəyyən etməyə imkan verir. Səriştə modelinə əsaslanan qiymətləndirmənin tətbiqi və təbliği dövlət idarəçiliyində seçim və qiymətləndirməni gücləndirir, nəticə etibarilə idarəetmədə şəffaflığa və səmərəliliyə töhfə verir (“Şərq Tərəfdaşlığı: 2020-ci il üçün 20 Hədəf”, Hədəf 9 və 11). Seminarda dövlət idarəçiliyində insan resurslarının idarə edilməsi sahəsində səriştə modelinin tətbiqi ilə bağlı çətinliklərə və həll yollarına xüsusi diqqət yetiriləcəkdir.
Seminarda dövlət orqanlarından insan resurslarının idarəolunması funksiyalarını həyata keçirən struktur bölmələrin əməkdaşları, dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə komissiya üzvü kimi fəal iştirak edən nümayəndələr, həmçinin tərəfdaş ölkələrin bu sahədə fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək seminarda DİM əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin, həmçinin Ukrayna, Belarus, Gürcüstan və Moldova nümayəndələrinin çıxışları nəzərdə tutulub.