Məlum olduğu kimi, 2019-cu il 5-6 dekabr tarixlərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı (ŞT) proqramının “Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik” adlı I Platforması çərçivəsində İdarəçilik və dövlət idarəçiliyi islahatları Panelinin birinci sahəsi üzrə (dövlət qulluğu, dövlət idarəçiliyi institutları və onların fəaliyyəti, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna qəbul qaydaları, qanunvericilik) Azərbaycan Respublikasında əlaqələndirici qurum olan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət idarəçiliyində səriştə modeli: Çətinliklər və həll yolları” mövzusunda konfrans keçirilib.
Konfransın məqsədi geniş istifadə olunan səriştə modeli vasitəsilə dövlət idarəçiliyində dövlət qulluqçularının seçilməsi, vəzifə yüksəlişində səriştələrin ölçülməsi və xidməti fəaliyyətin hərtərəfli qiymətləndirilməsini dəstəkləmək idi. Konfransda dövlət idarəçiliyində insan resurslarının idarə edilməsi sahəsində səriştə modelinin tətbiqi ilə bağlı çətinliklərə və həll yollarına xüsusi diqqət yetirilib.
İki gün davam edən konfransda DİM əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri, həmçinin, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan və Almaniyadan olan nümayəndələr çıxışlar edib .
Seminarın ikinci günü – dekabrın 6-da əcnəbi iştirakçılar DİM tərəfindən dövlət qulluğuna qəbul zamanı həyata keçirilən proseslər, imtahan zalları və texnologiyası ilə yaxından tanış olublar. Elektron imtahan keçirilən zallar, müsahibə otaqları və imtahanın ümumi mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verilib və ümumi proses haqqında qonaqları maraqlandıran suallar cavablandırılıb.