Dekabr ayının 5-i DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyena qaydalarına uyğun və hər imtahan otağında sosial məsafə gözlənilməklə 72 imtahan iştirakçısı üçün SAT imtahanları təşkil olunub.
DİM tərəfindən keçirilən SAT imtahanları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişlərə və müvafiq sanitar-gigiyena qaydalarına uyğun olaraq təşkil olunub. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanlarda ümumilikdə 72 nəfər iştirak edib (67 nəfər SAT, 1 nəfər SAT esse, 4 nəfər isə SAT Subject olmaqla). 3 nəfər imtahanda iştirak etməyib. İmtahan müddətində xidmət üzrə keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanın keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyena qaydalara riayət olunub.
Növbəti SAT imtahanlarının 2021-ci il mart ayının 13-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/