Dövlət İmtahan Mərkəzinin peşəkar mühasib sertifikatı imtahanları ilə bağlı sualların cavablandırılması və təkliflərin səsləndirilməsi məqsədilə 29 aprel 2022-ci il tarixində GMİB ilə birlikdə təşkil etdiyi panel müzakirəyə DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və GMİB-in sədri Solmaz Əliyevanın açılış nitqləri ilə başlanılıb.
Tədbirdə iştirakçıların sualları DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Mirəli Kazımov, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Gülşən Orucova tərəfindən cavablandırılıb. Məhsuldar keçən müzakirə zamanı iştirakçılar tərəfindən PMS imtahanlarının təkmilləşdirilməsi istiqamətində təkliflər də səsləndirilib.
Görüşdə birabaşa iştirak edə bilməyən şəxslərin mövzu ilə bağlı suallarını cavablandırmaq məqsədilə tədbir DİM-in “Facebook” hesabı vasitəsilə canlı yayımlanıb. Yayıma verilən linkdən baxa bilərsiniz.
Xatırladaq ki, 15 aprel 2022-ci il tarixində DİM, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli Qərarını əsas götürərək PMS üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi və təbliğatı, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması və tətbiqi, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq məqsədi daşıyır.