Bununla bağlı iki qurum arasında imzalanmış sazişə əsasən, AZƏRTAC “IAEA 2019” çərçivəsində sentyabrın 22-dən 27-dək Bakıda keçiriləcək bütün tədbirləri işıqlandıracaq səlahiyyətli informasiya agentliyidir. AZƏRTAC konfransın açılış və bağlanış mərasimləri barədə reportaj və informasiyaların, həmçinin digər tədbirlərdən xəbərlərin Azərbaycan, rus və ingilis dillərində yayılmasını, foto və videomateriallar hazırlanmasını təmin edəcək.
Sazişi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə heyətinin sədri Aslan Aslanov imzalayıblar.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransını təşkil edəcək. IAEA-nın 45-ci illik konfransı "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həllər" mövzusuna həsr olunacaq. Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.
IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.