26 fevral 2021-ci il tarixində DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki qurumun rəhbər şəxsləri arasında onlayn formatda görüş keçirilib.
Görüşdə 20 may 2020-ci ildə imzalanan Anlaşma Memorandumunun yenilənməsinə dair məmnunluq ifadə edilib və ötən ilin qurumlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli olduğu vurğulanıb.
Qeyd edək ki, DİM və MQİM 2020-ci ildə aşağıda qeyd olunan istiqamətlər üzrə əməkdaşlıq edib:
- Gürcü dili üzrə 9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının təkmilləşdirilməsi;
- Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə-ixtisas imtahanında istifadə edilən tapşırıqların hazırlanması;
- MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq testlərinin təkmilləşdirilməsi;
- MQİM-ə riyazi və verbal məntiq testlərini Azərbaycan dilinə tərcümə edəcək əməkdaşın seçilməsinə köməklik edilməsi.
2021-ci il üzrə yenilənən Memorandumda aşağıdakı qarşılıqlı əməkdaşlıq sahələri əksini tapıb:
- MQİM ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
- DİM-in köməkliyi ilə gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə-ixtisas imtahanı üzrə sual bankının hazırlanması.
Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün “Müəllimlərin peşə -ixtisas imtahanı” üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı differensial əmək haqlarının müəyyən edilməsində istifadə olunur.
Görüş zamanı Xocalı faciəsinin qurbanları da yad edilib. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirakçılara faciənin başvermə səbəblərindən danışıb, bu qətliamın təcavüzkar erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib.