15 yanvar – 6 fevral tarixlərində keçirilən və bütün respublika ərazisini əhatə edən təlimlərə 78 rayonun 1408 təhsil müəssisəsindən 4236 nəzarətçi‑müəllim dəvət olunub. Nəzarətçilərdən 214 nəfəri müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyib.
Seminarlara yeni, təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər dəvət olunublar. Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.
Qeyd edək ki, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək yeni növ test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib.
Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14888 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcək.