25 iyun 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) SİGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramının dəstəyi ilə reallaşdıracağı “Daxili nəzarət sisteminin həyata keçirilməsi” pilot layihəsinin təqdimat görüşü keçirilib. Görüşdə açılış nitqi söyləyən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin məqsədləri və gözlənilən nəticələri barədə qısa məlumat verib və layihə iştirakçılarına uğurlar arzulayıb.
Pilot layihənin məqsədləri aşağıdakılardır:
- Beynəlxalq modellərə əsaslanaraq dövlət qurumunda daxili nəzarət sisteminin prinsiplərini və icra mexanizmlərini nümayiş etdirmək, eləcə də DİM-də riskin qiymətləndirilməsi üzrə təlimin keçirilməsinə dəstək vermək;
- Beynəlxalq səviyyədə qəbul edilmiş daxili audit standartlarına uyğun olaraq daxili auditin aparılması barədə ətraflı təlimat vermək və DİM-in daxili audit strukturuna daxili audit tapşırıqlarının planlaşdırılması və aparılması üçün alətlərin hazırlanmasında dəstək göstərmək.
Qeyd edək ki, layihənin həyata keçirilməsinə dair hazırlıqlar DİM-in 2018-ci ildən etibarən SIGMA proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə ilə başlayıb və 20-21 iyun 2019-cu il tarixlərində “Dövlət idarəçiliyində səmərəli nəzarət mexanizmi” adlı praktiki seminar keçirilməsi ilə davam etdirilib.